Pozitron Emissiya Tomoqrafiyası (PET) orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur. Xüsusi təyinatlı laboratoriya şəraitində hazırlanmış dərman maddəsi vena daxilinə vurulur və bu maddə orqanizmdə müəyyən toxumalarda (məsələn, şişdə, beyində, ürəkdə və s.) toplanaraq ətrafa şüalanma verir (fotonlar yayır).
PET cihazının köməyi ilə bu fotonların mənbəyi və miqdarı təyin edilir. Müayinə müddəti ərzində toxumaların anatomik quruluşunu göstərə bilən kompüter tomoqrafiya müayinəsi də (KT) həmçinin icra olunur. Müayinə nəticəsində alınmış PET və KT görüntüləri sonradan birləşdirilir. Beləliklə, həm verilən molekulun aktivliyi, həm də bütün orqanları göstərən bədənin funksional və anatomik quruluşu barədə birgə məlumat əldə edilir. Nəticədə, həkim orqanizmin hər hansı bölgəsində hüceyrə səviyyəsində baş verən bütün dəyişiklikləri qeydə alır.
Bu müayinə metodu vasitəsilə ilkin diaqnozun qoyulması ilə yanaşı, bəlli bir xəstəliyin yayılması, inkişaf dərəcəsini, o cümlədən, yerli və uzaq metastazların olub olmaması, aparılacaq müalicənin gözlənilən effektivliyi və faydasını əvvəlcədən qiymətləndirmək mümkündür.
Erkən və dəqiq qoyulmuş diaqnoz, düzgün müalicə üsulunun seçilməsi xəstənin gələcək taleyini müəyyənləşdirən vacib faktorlardır. PET/KT orqanizmin istənilən nöqtəsində toxumaların aktivliyini molekulyar səviyyədə qiymətləndirə bildiyindən xəstəliyin çox erkən mərhələsində (şişin ölçüsünün çox kiçik olduğu mərhələdə) diaqnoz qoyulmasına imkan yaradır.
İnsan orqanizmində hüceyrələrin əsas enerji mənbəyi qlükozadır. 1924-cü ildə Nobel mükafatı laureatı Otto Warburg müşahidə etmişdi ki, şiş hüceyrəsi normal hüceyrədən 200 dəfə artıq qlükoza sərf edir. Buna səbəb şiş hüceyrələrinin nəzarətsiz şəkildə sürətlə böyüyüb çoxalmasıdır. Bundan sonra alimlər belə bir nəticəyə gəldilər ki, orqanizmdə qlükozanın daha çox sərf olunduğu yerin təsbit edilməsi şişin tapılmasını asanlaşdıracaqdır. Bunun üçün qlükozaya oxşar elə bir xüsusi maddə lazımdır ki, şiş hüceyrəsinə daxil olsun və orada toplanaraq ətrafa şüa şəklində siqnal verməklə yerini bildirsin. Bu cür xüsusiyyətlərə malik olan bir çox maddələr sınanılmış və nəhayət, 1976-cı ildə ən optimal vasitə olaraq 18-flüorodeoksiqlükoza (FDG) seçilmişdir.
FDG-nin yarımparçalanma dövrü 120 dəqiqədir və bu müddət ərzində kiçik dozada radiasiya yaymaq qabiliyyətinə malikdir. Radiasiyanın bu dozası və müddəti maddənin xəstəyə yeridilib müayinənin aparılması üçün yetərlidir. Maddənin şüa yayması bir neçə saat ərzində azalaraq tamamilə yox olur.
PET cihazı isə xəstəni müayinə edərək bədənin hər bir nöqtəsindəki radioaktiv maddə miqdarını ölçür və doza paylanmasını ortaya çıxarır. Radioaktiv maddənin çox olduğu yerdə qlükozanın da çox toplanmasına əsasən həmin yerdə şişin olma ehtimalı söylənilə bilər.